%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-04-%d0%b2-2-46-08

10954221_1606219546278859_412661351_oCapture d’écran 2015-11-14 à 19.41.07

Asif Mərzilinin kimlərlə əlaqədə olmasına aydınlıq gətirilməlidir.  Elşad Abdullayev: “Akif Çovdarov qardaşım Mahir Abdullayevin geri qaytarılması ücün 10 milyon dollar pul tələb edirdi”. “MTN generalları bizi “Təzadlar” qəzeti vasitəsilə xalqın gözü qarşısında leqal təhdid edirdilər” Bildiyiniz kimi, ötən bir neçə sayımızda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili arasında gedən danışıqları əks etdirən videogörüntünün stenoqramını diqqətinizə çatdırmışıq. Həmin söhbət zamanı bir sıra ciddi məqamlara toxunulub, Asif Mərzilinin adam oğurluğu ilə məşğul olan kriminal dəstə ilə yaxınlığına dair müəyyən fikirlər səsləndirilib. Belə ki, ABU rektoru bəzən açıq-aşkar, bəzən də üstüörtülü şəkildə “Təzadlar” qəzetinin baş redaktorunu qardaşı, Milli Məhlükəsizlik Nazirliyinin (MTN) zabiti Mahir Abdullayevin oğurlanması məsələsində bu və digər formada iştirakçı, hadisədən məlumatlı olduğunu qeyd edib.
Elşad Abdullayev tərəfindən gizli şəkildə lentə alınan həmin videonu diqqətlə izləsəniz görərəsiniz ki, ABU rektoru Asif Mərzilinin kimlərinsə sifarişi ilə qardaşı Mahir Abdullayev barəsində silsilə yazılar dərc etdiyini vurğulayıb. Beləliklə, “Təzadlar” qəzetinin baş redaktoruna xitabən “Sən indiyə qədər bir şeyi dərk edə bilmirsən ki, sənin beş il yarımlıq fəaliyyətin istintaqı çaşdırmaq, cəmiyyəti çaşdırmaq, zərərçəkmişi aldatmaq məqsədi daşıyır” deyən Elşad Abdullayev Zümrüd Məmmədova və Çinarə adlı jurnalistlərin ona məsələ ilə bağlı kifayət qədər informasiya verdiyini bildirib: “Zümrüd gətirib qoymuşdu bura. Dalınca Çinarə gətirib qoymuşdu bura. Çinarə dedi ki, Elşad müəllim, mənim o yazılardan məlumatım yoxdur. Hər yazıya 200-300 dollar pul verirlər”. Söhbət əsnasında məlum olub ki, qeyd olunan məbləğdə pulu verən şəxs məhz Asif Mərzili olub. Belə ki, “Təzadlar”ın baş redaktorunun “Kim verir?” sualına cavab olaraq ABU rektoru “Baş redaktor”, deyə cavab verib. Bundan sonra Asif Mərzili söhbətin ondan gedib-getmədiyini dəqiqləşdirmək istəyib və qarşılığında Elşad Abdullayev “Bəli, belə çıxır ki, siz” deməklə sualı cavablandırıb. Söhbətin bu yerində “Təzadlar” qəzetinin baş redaktoru çətin duruma düşdüyün anlayır və vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Lakin qarşı tərəf ona bu imkanı vermədən növbəti həmləsini edir. Belə ki, “Sən bir qəzetlə işləyirsən. Burada jurnalistika fakültəsi var. 700 tələbəsi var. Elə bir qəzet yoxdur ki, onlar əməkdaşlıq etməsinlər. Guya bizim jurnalistikadan başımız çıxmır. Söhbət burada insan taleyindən gedir. Sən elə bil insan taleyi ilə futbol topu oynayırsan. Mən Zümrüdü heç vaxt tanımamışam.
Hadisəyə qədər tanımamışam” deyən ABU rektoru Asif Mərzilinin Azərbaycanda adam oğurluğu ilə məşğul olan kriminal dəstə ilə əlaqəinin olduğuna işarə edir. O isə özünü məntiqli şəkildə müdafiə etmək əvəzinə “Mən növbəti nömrədə yazım ki, Elşad Abdullayevlə bağlı məsələdə mənə qarşı ittiham irəli sürülür ki, mən guya bilirəm. Hörmətli Eldar Mahmudov, xahiş edirəm bizim Elşad Abdullayevlə bir yerdə fəaliyyətimizi yenidən araşdırın. MTN səviyyəsinə qədər çıxsın. Razısınız bununla?” deməklə Elşad Abdullayevi o zaman milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovla, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə hədələməyə çalışıb. Ancaq ABU rektoru Asif Mərzilinin onu hələdəməsindən çəkinmədən qardaşının oğurlandığını və bununla bağlı məsələyə mütləq aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb: “Mənim qardaşımı oğurlayıblar. Mən də təsadüfi adam deyiləm. Mənim qardaşımın ya dirisinə, ya ölüsünə aydınlıq gətirilməlidir. Burada qoymayacam bir dənə qaranlıq məsələ qalsın”. Bundan sonra “Təzadlar”ın baş redaktoru Elşad Abdullayevə öz “köməyi”ni və işlə bağlı bütün istintaqlara bir yerdə getməyi təklif edib: “Hansı istintaqa getmək lazımdırsa həmin günü zəng edin, sizinlə bir yerdə gedək”.
Təbii, qarşı tərəf onun təklifinə əhəmiyyət verməyib və məsələ ilə əlaqədar ölkə başçısına, Milli Təhlükəsizlik Nazirliyinə, icra aparatına müraciət etdiyini bildirib. Bu xəbərdən sonra Asif Mərzili bir xeyli təlaşlanıb, qorxuya düşüb və təhlükəni özündən kənarlaşdırmaq üçün dərhal “Yenidən deyirəm istəyirsinizsə qəzetdə də verim. Bu tam haqqı, düz deyirəm”. Həmin videonun sonlarına yaxın ABU rektoru zərərçəkmiş olduğunu və qardaşının taleyi ilə bağlı dəqiq məlumat almaq məqsədi ilə bütün yollara baş vurduğunu söyləyib: “Asif Mərzili, mən zərərçəkənəm. Hesab etmirəm ki, orada müəmmalı bir şey yoxdur. Mənim üçün bu açıqdır (əlindəki sənədi göstərir) Başa düşürsən?”. Məsələnin ən maraqlı tərəfi isə ondadır ki, “Təzadlar” qəzetinin baş redaktoru məhz bu məqamda “MTN açmır, prokurorluq açmır. Açsınlar da”, deyə cavab verib. Aydın şəkildə görünür ki, o, məhz bu sözləri ilə dolayısıyla Milli Təhlükəsizlik Nazirliyinin, eləcə də prokurorluğun məsələnin üstünü açmaqda, yəni Mahir Abdullayevin taleyinə aydınlıq gətirməkdə maraqlı olmadıqlarına işarə edib. Görəsən, onda bu barədə məlumat və ya əminlik hardandır?.. Bax, huquq-mühafizə orqanları, aidiyyəti qurumlar gərək bunu ciddi şəkildə araşdırsınlar. Çox güman ki, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər… Onu da nəzərinizə çatdıraq ki, videonun digər hissəsində isə mərhum Mikayıl Gözəlovla bir yerdə döyüşdüyünü, 7-8 qəlpə yarasını aldığını qeyd edən Asif Mərzili nə qədər çalışsa da, Elşad Abdullayevi buna inandıra bilməyib. Elşad Abdullayev: – Mən inana bilmirəm ki, sən rəhmətlik Mikayıl Gözəlovla bir yerdə olmusan. İnana bilmirəm. Asif Mərzili: – Nətər?
Bu sizin subyektiv fikrinizdir. Elşad Abdullayev: – Sən ki bu səviyyədə hərəkətlər edirsən… Asif Mərzili: – Siz inanmaya bilərsiniz. Elşad Abdullayev: – Mən Mikayıl Gözəlovu şəxsən tanıyıram. Allah rəhmət eləsin ona. Hər yay mən onun evində qalmışam. Şuşa bazarının qarşısında hər yay mən onun evində qalmışam. Özü kimi kişi yoxdur. Onu ermənilər öldürdü. Atdılar azərbaycanlıların üstünə. Asif Mərzili: – Yox, azərbaycanlı öldürdü. Erməni öldürüb eləmədi. Gördüyünüz kimi, “Təzadlar” qəzetinin baş redaktoru məhz bu sözləri ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olan mərhum Mikayıl Gözəlovun sui-qəsd nəticəsində öldürülməsini azərbaycanlıların üzərinə atır. Yəni o, bu yolla erməniləri məsuliyyətdən kənarda saxlamağa çalışır. Sizcə, buna nə ad vermək olar?.. Söhbət əsnasında ABU rektoru Asif Mərziliyə üstüörtülü şəkildə nələrisə başa salmağa, daha doğrusu onun Mahir Abdullayevin oğurlanması məsələsində iştirakçı qismində çıxış edən şəxslərlə əlaqəsinin olduğuna işarə edib.
Belə ki, “Bu üç qarğa sənlikdir, filankəs sənlikdir. Bunlara son qoy. Qoymursan? Onda gedək istintaqda araşdıraq görək sən nə istəyirsən? Kimsən sən bu işlə məşğul olursan. Sən məni necə aldada bilərsən? Aldada bilərsən sən məni? Sən fikirləşirsən ki, məni aldada bilərsən?” deyən Elşad Abdullayev görəsən “3 qarğa” dedikdə kimləri nəzərdə tutub? Əgər hüquq-mühafizə orqanları bu məsələni araşdırsalar, onda “qarğa”ların kimliyi bəlli olacaq… İndi isə keçək digər məsələyə. Ötən sayımızda qeyd etdiyimiz kimi, “Təzadlar” qəzetinin baş redaktoru haqda kifayət qədər bilgiyə sahib olan Elşad Abdullayev müxtəlif vaxtlarda mətbuata ünvanladığı müraciətlərində mövzu ilə bağlı kifayət qədər sensasion xarakterli məlumatlar verib. Məsələn, “Asif Mərzili ilə bir cayıl anlaşmamız vardır ki, əgər mən onun bir “zapisini”, videosunu internetdə nümayiş etdirsəm, o, bir də əlinə qələm almayacaq, jurnalistikadan gedəcək, adını dəyişəcək. Təəssüflər olsun ki, video qoyulsa belə, Asif Mərzili əhdini pozdu, heç bir anlaşma olmamış kimi utanmadan-qızarmadan şər-böhtan yazmaqda davam edir” deyən ABU rektoru məhz bu sözləri ilə əslində “Təzadlar”ın baş redaktorunun şəxsi keyfiyyətlərini ortaya qoyub. Yəni bu fikirlərdən sonra məlum olur ki, Asif Mərzili sözünün üstündə durmağı, verdiyi vədə əməl etməyi bacarmayan birisidir. Əgər belə olmasaydı, o zaman Elşad Abdullayevlə arasında bağlanmış sazişin tələblərinə əməl edərdi. O isə sözünün üstündə durmayıb və beləliklə də vədinə xilaf çıxıb. Məhz elə bu səbəbdən də ABU rektoru bir neçə gün öncə avropaninsesi.com saytında yer alan müsahibəsində “MTN generalları Akif Çovdarov, Hilal Əsədov bizi “Təzadlar” qəzeti vasitəsi ilə xalqın gözü qarşısında leqal təhdid edirdilər” deyə, fikir səsləndirib. Beləliklə, MTN generalı Akif Çovdarovun onu “Təzadlar” qəzeti və onun baş redaktoru Məmmədov Asif Millət oğlu vasitəsi ilə təhdid etdiyini iddia edən Elşad Abdullayev Asif Mərzilini Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyekti hesab etdiyini bildirib: “Akif Çovdarov qardaşım, MTN zabiti Mahir Abdullayevin geri qaytarılması ücün nə az, nə cox 10 milyon dollar pul tələb edirdi, yaxın dostu və qohumu Fəttahla gedib Moskva hesabıma kecirməmi tələb edirdi. Mən isə qohum-əqrəbadan güc-bəla ilə toplayıb Akif Çovdarova qardaşımı geri qaytarması ücün 2,8 milyon dollar verə bildim.
Bundan qəzəblənən Akif Çovdarov məni Novxanıya gizli bağ evinə dolanbac yollarla dəvət etdi. Onun bağ evinə gələndə məni onun xaricidə oxuyan oğlu və 20 il mənimlə birgə işləyən Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru Nizami Süleymanov qarşıladı. Mən çaşıb qalmışdım. Nizamidən soruşdum ki, sən hara-bura hara…!!!??? Professor Nizami Süleymanov da bildirdi ki, Akif Çovdarov mənim qohumumdur, mamam oğludur. Bundan sonra Akif Çovdarov mənə bildirdi ki, əgər pulu verə bilmirsənsə ABU-nu keçirt Nizami Süleymanovun adına. Yaxud da sabah gəl, gedək Azərbaycan Beynəlxalq Bankından və ya “AzBank”dan sənin adına pul götürək, amma pul qalacaq orada. Bununla da səninlə hesablaşacağıq. Sən də qovuşarsan qardaşına. Bu problemi məndən başqa heç kim həll edə bilməz, hec kimə inanma, kim gəldi yanına qov getsin. Hec bir yanda hec nə danışma!!! Məni dəhşət götürmüşdü, ölkənin təhlükəsizliyinə Konstitusiya ilə cavbdeh şəxs 14 ölkənin fəxri professoru ilə bir işğalçı ordunun generalı kimi danışır…” Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli və Asif Mərzilinin kimlərlə əlaqədə olmasına aydınlıq gətirilməlidir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
( Ardı var)

“Gündəlik Bakı” Baxış sayı: 1323 Tarix:14-11-2015

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25646
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Print Friendly, PDF & Email